vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:11 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 2400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Göz dəşən” səhvlər ...

... Yaxud ofsayda düşən “CBC Sport”

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“CBC Sport” yavaş-yavaş lazımsız kanal olduğunu sübut edir. 2020-ci ildə, Avropa çempionatından sonra bağlanacağı deyilən qurum sadəcə, puldağıtma makinasına çevrilib. Bu üzdən işə məsuliyyətsiz yanaşılır, bütün işlər başdansovdu görülür.

Premyer Liqanın yayım hüququnu tapşırıqla alan, ötən 3 ildə klubların hesabına heç bir vəsait köçürməyən “CBC Sport” rəhbərliyi artıq bu işə də barmaqarası yanaşır. İlk vaxtlar yüksək səviyyəli çəkilişlə diqqətləri üzərinə çəkən telekanal Türkiyədən gətirilən mütəxəssislərin yola salınmasıyla tam dəyişib. İş o qədər bərbad aparılır ki, hətta çempionat oyunlarının çəkilişi də biabırçı vəziyyətdədi.

Dünən baş tutan “Qarabağ” – “Neftçi” oyununda ağdamlıların hesabı açdığı epizod şübhəli idi. Belə ki, həmin epizodda Dani Kintananın oyundankənar vəziyyətdə olduğu şübhəsi var idi. Amma videotəkrar zamanı bunu müəyyənləşdirmək mümkün olmadı. Çünki ən vacib məqamda ofsayd kamerasının görüntülərini əldə etmək olmadı. “CBC Sport” əməkdaşları epizodu “tuta bilməmişdi”.

Təbii ki, bu məsuliyyətsizliyə görə birbaşa telekanalın rəhbəri Volkan Üst cavab verməlidir. Və onun maliyyə azlığından şikayətlənməyə haqqı yoxdur. Normal büdcə var və onu düzgün istiqamətləndirmək lazımdır. Bunu Antalya toplanışı vaxtı da gördük.

Fil qulağında yatan telekanal yalnız PFL-in klublarımızın yoxlama oyunlarını canlı yayımlamasından sonra hərəkətə keçdi və Türkiyəyə gedərək 3 matçı efirə gətirdi. Amma 3 oyun üçün Antalyaya 16 nəfərlik heyət getdi. PFL-in 3-4 nəfərlə daha yaxşı gördüyü işi telekanal 4 dəfə çox insan qüvvəsiylə də bərbad təşkil etdi.

Heyətin yarısının səfərə turist kimi yollanması isə ən mənfi məqam idi. Volkan Üst tapşırıqla burada olan müavinlərini də başına yığıb Antalyada əyləncə ilə məşğul oldu. Əsas işi görən operatorlar, müxbirlər ən pis şəraitdə qaldığı halda, Üst, eləcə də yayım işinə dəxli olmayan digər rəsmi şəxslər lüks nömrələrdə istirahətlə məşğul oldu. Təbii ki, maliyyə belə dağıdıldığı üçün kanalda maddi problemlərin olması gözləniləndi və bu, nəticəsini derbi oyunundakı çatışmazlıqda göstərdi.

15 min dollar maaş alıb, yerli və daha bacarıqlı kadrlardan üstün heç bir iş görməyən Üstün məsuliyyətsizliyinə görə cavab verməsi lazımdı. Dünənki oyun sadəcə, bir epizod idi. Oyunların yayımı, süjetlərin hazırlanması zamanı “göz dəşən” səhvlər kifayət qədərdir və təbii ki, bütün bunlar birbaşa rəhbərin tələbkar olmamasından, işə can yandırmamasından, tələb etməməsindən irəli gəlir. Təcrübəli kadrlar gözümçıxdıya salınır, sözəbaxan, bacarıqsız gənclər irəli çəkilir. Belə olduqda isə Kintananın epizodu gözdən qaçırılır.