vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:19 | 17 fevral 2019 | Bazar Məqaləyə 1527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tarazlığı bərpa etmək mümkün deyil”

Ermənistanı təşvişə salan supermüasir raket

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin, konkret olaraq Hərbi Hava Qüvvələrinin silahlanmasına supermüasir “SOM-B1” qanadlı raketləri daxil olub. Həmin raketlər “Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, habelə raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub”.

Erməni hərbi ekspert Van Ambardzumyan NEWS.am-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur.

“Yəni Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan S-300 PS və S-300 PT zenit-raket sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 km. radiusa malikdir, üstəlik minimal uçuş hündürlüyü cəmi 10 metrdir. “S-300 PS” və “S-300 PT” zenit-raket sistemlərinin aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü isə 25 metrdir. Həmin qurğular maksimum 75 kilometr uzaqlıqda və 27 kilometr hündürlükdə hədəfləri vura bilər”, - Ambardzumyan izah edib.

Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğu üçün həmin amil HHM sistemləri üçün hədəfləri ayırd etməyi xeyli çətinləşdirəcək.

“Dağların fonunda hədəfləri ayırd etmək xeyli mürəkkəbdir. Erməni ordusunun sərəncamında olan “Buk-M2” zenit-raket komplekslərin də bu tipli raketləri vurmaq imkanında deyil”, - o bildirib.

Ambardzumyan diqqəti bu məqama yönəldib ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verməlidir. Azərbaycanın silahlanmasında isə əsasən sovet və Rusiya istehsalı olan qırıcılar var. “Hətta Gürcüstandan alınan “Su-25KM” təlim-döyüş təyyarələrində də kodlaşdırılmış radiosiqnalın ikitərəfli ötürülməsi sistemi yoxdur. Belə sistem olmayanda isə “SOM-B1” raketləri faydasızdır. Məhz bu xüsusat Bakının İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim-məşq təyyarələrinin iri partiyasını almasına səbəb olub” deyə, - erməni hərbi ekspert əlavə edib.

Ambardzumyan qeyd edib ki, həmin təyyarələr NATO standartlarına uyğundur və təlim-məşq təyyarələri kimi hazırlansa da tamamilə döyüş məqsədi üçün də istifadə oluna bilər. Çünki təyyarələr hava-yer tipli raketlər, kaset aviabombaları daşıya bilər. Döyüş yükü 500 kiloqramdır. Ambardzumyana görə həmin təyyarələr “SOM-B1” raketlərini də daşımaq imkanındadır.

Erməni ekspert onu da bildirib ki, həmin təyyarələr təlim-məşq təyinatlı olsa da Bakı əvvəlcə 10 M-346 “Master” təyyarəsi almağa qərar verib, daha sonra 15-ni də sifariş verib və gələcəkdə daha 10 ədəd almağa hazırlaşır. Bu da Ambardzumyana görə Azərbaycanın əsl hədəfini və məqsədini ortaya qoyur. Çünki pilotlara təlim vermək üçün birdən birə 10 təyyarə almaq heç nə ilə əsaslandırılmayan israfçılıq olardı. Deməli Bakı bu maşınları döyüş vəzifələrinin yerinə yetirilməsi üçün alıb.

“Azərbaycana pilotlara təlim vermək üçün 4 belə təyyarə də bəs edərdi. Səsdən iti uçan 16 qırıcısı olan heç bir ölkə pilotlara təlim vermək üçün 25 təyyarə almaz. Bu primitiv məntiqdir”, - o deyib.

Ekspert əlavə edib ki, Bakı təkcə İtaliya təyyarələrinin alınması ilə işi yekunlaşdırmır və Rusiyadan çoxməqsədli “Su-30MKA” qırıcılarını da almağa hazırlaşır. Onun iddiasına görə Azərbaycan bu məqsədlə öz pilotlarını Əlcəzair Hərbi Hava Qüvvələrinin Rusiyadan alınan “Su-30MKA” qırıcılarında təlim keçməyə göndərib. Ambardzumyan deyib ki, həmin qırıcılar Rusiyanın Ermənistana verməyə hazırlaşdığı “Su-30SM” qırıcılarından döyüş və taktiki göstəricilərinə görə daha üstündür.

“Digər tərəfdən problem ondadır ki, pilotların hazırlanmasına ən azı 5 il vaxt lazımdır. İndiki məqamda bizim pilotlar həmin müasir təyyarələrdə uçmağa hazır deyillər, onlar indiyədək səsdən aşağı sürətlə uçan Su-25 təyyarələrində uçublar”, - Ambardzumyan deyib.

Xatırladaq ki, Azərbaycan Türkiyədən alınan “SOM-B1” hava-yer raketlərini ilk dəfə 2018-ci ildə Bakıda keçirilən hərbi paradda nümayiş etdirib. Həmin vaxt raketlər hələ silahlanmaya daxil edilməmişdi, amma onların  paradda görünməsi geniş rezonansa və erməni dairələrində təşvişə səbəb oldu.

İtaliyanın “Leonardo Aircraft” şirkətindən sifariş edilən M-346 “Master” təlim-məşq təyyarələri isə ilk dəfə 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilib. Sonradan məlum olub ki, Azərbaycan 10 belə təyyarə alıb, daha 15-ni sifariş verib.  “M-346” yüngül təlim-məşq təyyarələri asanlıqla döyüş təyyarələri kimi modifikasiya oluna, onun asqılarında kaset tipli aviabombalar, yaxud qanadlı raketlər və idarəolunmayan bombalar quraşdırıla bilər.

Bu yaxınlarda Rusiyanın Ermənistana “4 Su-30 SM” qırıcısı verəcəyi məlum olanda erməni ekspert çevrələrində lovğalanırdılar ki, həmin döyüş maşınlarının sayəsində Yerevan Bakı ilə hərbi tarazlığı bərpa edə bilər. Lakin indi ermənilərin özləri etiraf edir ki, bu tarazlığı bərpa etmək mümkün deyil.