vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
00:15 | 21 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xislət dəyişməyib ...

Nə Vilayəti, nə də fars-molla rejiminin türklərə münasibəti ...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İnanaqmı? Məncə, yox!

Necə ki, qəvi düşmənimiz ermənilərə heç bir güvənimiz qalmayıb, eynilə “Azərbaycan xalqı gözümüzün işığıdır” deyən ayətullah Xameneyinin müşavirinə və istənilən digər fars siyasətçilərinin sözlərinin səmimiyyətinə də əsla inanmaq olmaz. 

Mən bu gün əsas mövzu kimi Vladimir Putinin noyabrın 23-də İrəvana gözlənilən səfəri və Qasım-Comərd Tokayevin yenidən Qazaxıstanın prezidenti seçilməsi barədə yazacaqdım. Lakin İranın Ali dini lideri, ayətullah Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri və hazırda Tehrandakı “Məsix Daneşvair” xəstəxanasının müdiri Əli Əkbər Vilayətinin ölkəmiz və xalqımızla bağlı açıqlamasını görəndən sonra fikrimi dəyişdim. 

Çünki Əli Əkbər Vilayəti İranın gəlmiş-keçmiş siyasətçiləri və diplomatları arasında ən hiyləgər və fəndgir fiqurlardan biri sayılır. Bu adamın sözünün çəkisi var və İranın yüksək rütbəli şəxsləri onun fikirlərinə ciddiyyətlə yanaşırlar. 

Həmçinin Vilayətinin fikirlərini İranın ali rəhbərliyinin fikri, mövqeyi kimi də qəbul etmək olar.

Ona görə də biz bu adamın az qala hər cümləsini, hər sözünü lupa ilə gözdən keçirməli, sətiraltı mesajlarını oxumağa çalışmalıyıq. 

Cənubi Qafqazdakı proseslərlə, İran və Azərbaycan əlaqələri ilə bağlı fikirlərini, qeydlərini bölüşən Vilayəti bizi arxayın etməyə çalışıb ki, İranın Azərbaycana hücum etmək niyyəti yoxdur. 

Sitat:

“İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır”.

Gördüyümüz kimi cənab Vilayəti bu bəyanatında İran və Azərbaycan xalqlarının eyni irqdən, eyni dildən olduğunu iddia edib. Hal bu ki, bu tamamilə əsassız fikirdir. Farslarla bizim nə irqimiz, nədəki dilimiz bir deyil. Biz Turanıq, onlar isə İrandır!

Xameneyinin müşaviri and-aman edib ki, ölkəsi bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur:

“Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”. 

Lakin Vilayəti İranın region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmədiyini deyərkən unudur ki, hazırda məhz İran İslam Respublikasının rəhbərliyi “Ermənistanın sərhədləri bizim qırmızı cizgimizdir” bəyanatı ilə çıxış edib Zəngəzur dəhlizinin açılmasına qənim kəsilməklə region ölkələrinin xoşbəxt olmaq cəhdlərinə bilavasitə mane olur, süni gərginlik yaradır. Ona görə də biz Vilayətinin bu fikirlərini tərsinə oxumalıyıq. 

İranın keçmiş baş diplomatı açıqlamasında həmçinin ölkəsinin hərbi qüdrətini şişirdərək deyib ki, “İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır”. Bu fikri dilə gətirməklə Vilayəti əslində ilk növbədə İsrailə və ərəb ölkələrinə “xox” gəlməyə çalışıb. Lakin bu fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bu gün İranın nə İsrail, nədəki ərəb ölkələri ilə birbaşa açıq savaşa girməyə hünəri, təpəri yoxdur. 

Onun açıqlmasının bu fraqmentində ən ziddiyyətli məqamlardan biri də İranın qüdrətinin guya “Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşı” yönəlməsi ilə bağlıdır. Qonşu dövlətlərdən biri və İranın dostu Ermənistandır. Azərbaycanın 1 nömrəli düşməni isə Ermənistandırsa və İranın qüdrəti də məhz Azərbaycanın düşmənlərinə qarşı yönəlibsə, onda Vilayəti bu ziddiyəti necə izah edir?

Və nəhayət sonda isə Əli Əkbər Vilayəti əmin edib ki, “Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir”. 

Maraqlıdır, bəs, Azərbaycan Ermənistanın hücumuna və işğalına məruz qaldığı son 30 il ərzində nə üçün İranı öz yanında görmədi? İran bu qədər müddətdə harada idi?

Birdəki, hazırda Ermənistandan başqa heç bir ölkənin Azərbaycana hücum etmək fikri yoxdur. Revanşist ermənilər Şuşanı və digər ərazilərimizi yenidən işğal etməyə can atırlar. Elə isə cənab Vilayəti “Azərbaycan xalqı gözümüzün işığıdır” səpkisində qulağımıza xoş gələn şirin sözlər söyləməkdənsə, buyursun, ermənilərə barmaq silkələsin, Ermənistan rəhbərliyinə “Azərbaycana hücum etsəniz, qarşınızda İranı görəcəksiniz!” desin.

Deyərmi?

Yox, əsla deməz!

Çünki bu həmin Vilayətidir ki, 1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə Azərbaycan türklərinin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair nazirlər kabinetinin iclası keçirilirkən demişdi ki, “Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (yəni Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.

Və bu həmin Vilayətidir ki, 2017-ci ildə Türkiyəni İraq və Suriyada işğalçı siyasəti yürütməkdə ittiham edərək, “Türkiyə bu iki ölkədən qeyd-şərtsiz çıxmalıdır. Əgər çıxmasa zorla çıxarılacaq”, deyə  Türkiyəni açıq-aşkar hədələmiş və ölkəsinin Ankaraya münasibətini ortaya qoymuşdu.

Vilayəti bu gün də həmin Vilayətidir. 

Onun xisləti və düşüncələri qətiyyən dəyişməyib. Odur ki, bu adamın fikirlərində zərrə qədər də səmimilik yoxdur. Onun “Azərbaycan xalqı gözümüzün işığıdır” fikri diplomatik cümləpərdazlıqdan başqa bir şey deyil. Ona görə də bu cür fikirlərə aldanmaq olmaz. 

P.S.: Vilayətinin bu açqlamasına həm də Azərbaycanın İsraildə səfirlik açmaq qərarı kontekstində baxmaq lazımdır. Səfirlik açmaq qərarımız mollaları dərhal ayıltdı və onları reallıq hissinə qaytardı. Mollalar başa düşdülər ki, güclü beynəlxalq dəstəyə malik olan Azərbaycan ilə hədə, savaş ritorikası ilə danışmaq ağılsızlıqdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)