vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
15:11 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 18524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boyaları tündləşdirmirəm

Çəhrayı məktub ...

RƏBİQƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir insan başqasının həyatını necə rəngləyə bilərmiş. Amma bilirsən də, bu lənətə gəlməmiş dünyada heç nə əbədi deyil. Divarların rəngini vaxtaşırı yeniləmək lazım gəlir. Sənin boyalarının da solmaq üzrədir. Altından yenə adi, darıxdırıcı rənglər görünür - boz, ağ və əlbəttə, qara. Klassika. Hərdən lazım olur. Amma ağırdır, yükləyir, adam özünü bu yükün altında əzilmiş hiss eləyir...

Hərçənd, gileylənmək istəmirəm. Boyaları tündləşdirmirəm. Axı o bozla qaranın arasında ağ da var. Sadəcə, ənənəvidir də. Ağ-qara, boz-ağ-qara, qara-boz-ağ, ağ-boz-qara... Daim səliqəli, ölçülü-biçili, yerli-yerində. Bu nizamı dağıdıb, rəngləri qarışdırmaq istəyirəm. Üstünə limon sıxmaq məsələn, ya portagal qabığı yapışdırmaq, bənövşə səpmək, nə bilim, lap nar dənələmək...

Nizamlı olmuşam sənsiz. Yuxu-iş-ev, ev-iş-yuxu, iş-ev-yuxu. Şeirə “yox”, məktuba “yox”, mahnıya “yox”, sevgiyə “yox”, dostlara “yox”, gəzintiyə “yox”, pərəstişkarlara yüz min dəfə “yox”. “Yox”ların siyahısında başda sən gəlirsən. Ona görə də bitmək bilmir. Bitmək bilmirsən...

Sakitcə öyrəşirəm, günü-gündən asanlaşır, tez uyğunlaşan adamam, rənglərə də, rəngsizliyə də. "Belə olmalıymış, belə lazımdı, belə istəyirsən" və "ayrı cür... istəmirsən" kimi qəbul eləmişəm. Yox, mən heç vaxt asan adam olmamışam. Yaşamaq asandı əslində. Robotlaşırsan, gedir...

Arada... Bax bu arada... Qəfil başqa cür yadıma düşürsən. Şəklin gəlir durur gözümün qabağında və susur. Onda - o üç-beş saniyədə fikirləşirəm ki, yaxşı ki, görünən şəklindi, özün yox. Özün olsan... Yox, heç nə olmayacaqdı. Sadəcə, səni möhkəm-möhkəm qucaqlamaq, nəfəsini hiss eləmək arzusunu basdıracaqdım ürəyimdə. Mən bunu yaxşı bacarıram. Elə əksini də. Baxır əhvalıma. Tərsliyim də tuta bilər, şıltaqlığım da...

Heç birisi tutmur. Nə yaxşı ki, seçim imkanım yoxdur.

Həyat saat əqrəblərinin oxu istiqamətində sakitcə öz işinə davam edir. Trayektoriya dəyişmir.

Saniyələrin necə ötdüyünü hiss eləyirəm. Bir, ya 60. Heç bir fərqi yoxdur. Ev, ya iş, gecə, ya gündüz, heç birisinin fərqi yoxdur. Nə sevinc var, nə ağrı. Bircə hələ tam solmağa imkan tapmayan rənglər var. Arada onlara nəzər salıram. Fikirləşirəm ki, səndən yaxşı rəssam olardı. Heyf ki, çəkmək istəmirsən..