vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:12 | 4 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevdə başıma gələnlər...

«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynaya tez-tez səfər edirəm və deyə bilmərəm ki, hər dəfə hansısa macəra ilə üzləşirəm. Ancaq... bir dəqiqə. İki il öncə Bakı-Kiyev təyyarəsinə mindikdə bəlli oldu ki, sərnişinləri səhv təyyarəyə yönləndiriblər. Yerləşdiyimiz təyyarə Kiyevə deyil, Londona uçurmuş. Bu kiçik anlaşılmazlıqdan sonra Ukrayna istiqamətində sürprizlə üzləşmirdim. Bu dəfə belə olmadı.

... 25 iyun axşam çatdım Bakı hava limanına. Yüküm təxminən 2 kq ağır gəldi, ancaq AZAL-ın gülərüz əməkdaşı güzəşt etdi. Qalxdım ikinci mərtəbəyə, gömrük yoxlamasında çantamı açmağımı xahiş etdilər. Çantamda şərab var idi, tanış ukraynalı professora hədiyyə aparırdım. Əvvəlcə dedilər «olmaz», ancaq yenə güzəşt edib buraxdılar. Açığını deyim ki, kiçik istisnalar olmaqla Bakı hava limanında son illər ciddi problemlərlə üzləşmirəm. Hərdən bardağın dolu tərəfinə baxmağı da lazım bilirəm. Halbuki, Kiyev hava limanında nə qədər çalışsam da bardağın dolu tərəfini tapa bilmədim.

Geri dönəndə yüküm yenə azca ağır gəldi. AZAL-ın əməkdaşından fərqli olaraq Ukrayna Hava Yollarının xanım əməkdaşı tutdu ki, əlavə pul ödəməliyəm. Etiraz etmədim. «Nə qədər ödəməliyəm» sualına dərhal «800 qrivin» cavabını verdi. Bu rəqəmin necə müəyyənləşdiyini bilməsəm də, ödəməyə razılaşdım. Ancaq cibimdə cəmi 400 qrivin var idi. Əlavə 400 qrivinə ehtiyacım var idi. Odur ki, dollar xırdalamalı idim. Endim birinci mərtəbəyə. Həyatımda görmədiyim mənzərə ilə üzləşdim. Hava limanının hər iki valyutadəyişmə məntəqəsi bağlı idi, pəncərəyə yapışdırılan kağızda məntəqənin səhər 9-da açılacağı yazılırdı, halbuki pəncərənin o tərəfində işçi telefonla kiminləsə söhbət edirdi. Özlüyümdə düşündüm, bəlkə təyyarəm indi havaya qalxmalıdır, onda sərnişin ona təcili lazım olan qrivini necə tapa bilər? Alternativ variant çantamdakı əlavə yükdən qurtulmaq idi ki, 800 qrivini ödəmədən təyyarəyə minə bilim. Ancaq gözləməyi lazım bildim. Saat 9 oldu, valyutadəyişmə məntəqəsi açılmadı, 10 dəqiqə keçdi, vəziyyət yenə dəyişmədi, pəncərənin qarşısında mənim kimi təcili qrivinə ehtiyacı olanlardan uzun növbə yaranmışdı. Nəhayət, məntəqə açıldı. Məndən öndə olan ukraynalı xanım indiyədək unutmayacağım sözləri dedi kassirə: «Ayıb deyil sizə? Bu qədər xarici ölkə vətəndaşını növbədə gözlədirsiniz. Siz bu cür xidmətlə Avropaya deyil, heç Afrikaya inteqrasiya olunmağa da layiq deyilsiniz». Həmin anda bu sözləri səsləndirən xanımı ən çox anlayanlardan biri də mən idim.

Təyyarəmə reys başlayırdı, oğlum Şahin ikinci mərtəbədə məni səbirsizliklə gözləyirdi. Yenə yaxınlaşdım məni 800 qrivin əldə etməyə göndərən xanımın yanına. «Bu da Sizin 800 qrivin» deyib biletlərimizi istədim. Qız mənə nə desə yaxşıdır? «500 qrivin də bəs edər». Dəli oldum. «Bəs onda məni niyə valyuta dəyişmə məntəqəsinə göndərdiniz? Axı mənim 400 qrivinim var idi. Sizə görə 1 saat vaxtım boşa getdi». Şübhələndim ki, ödədiyim pul heç Ukraynanın dövlət büdcəsinə gedib çatmayacaq.

Kiyevdə üzləşdiyim ikinci hadisə əlimin zədələnməsi ilə bağlı idi. Kiyevdə bərk yağışda yıxılmağım məni əsəbləşdirdi, ancaq bunun hesabına Ukrayna tibbinin real vəziyyətini öz «təcrübəmdə» öyrənmək imkanım oldu.

Əlim ağrıyır. Hara gedim? İnternetə baxdım, Kiyev Mərkəzi Travmatologiya İnstitutunu seçdim. Birinci mərtəbədə yaşlı qadından hansı həkimə müraciət edəcəyimi soruşdum. 6-cı mərtəbədəki həkimi məsləhət gördü. Ancaq yuxarı qalxmazdan öncə qapıçı xala üzünü mənə tutaraq dedi: «Baxil 3 qrivindir, ayağınıza taxmalısınız, bir də baxın da, xalaya bir az peraşki pulu da versəz sevinərəm». Bir nədi, xalaya 5 peraşki pulu da verməyə hazır idim, təki məsləhət gördüyü həkim əlimə əncam çəksin. Ancaq baxili niyə pulla satırlar – bunu anlamadım. Onu da indiyədək anlamıram ki, Kiyevdə dükanların hamısında neylon torbanı niyə pulla satırlar? Bu qədər mal alırsan, sadə torbanın da pulunu çıxırlar.

Qayıdaq Mərkəzi Travmatologiya İnstitutuna. Sonuncu dəfə bəlkə də 60-cı illərdə təmir olunmuş xəstəxanadır, həkimin otağına daxil oldum, hər yer sınıq-salxaq idi. Ancaq xoşbəxtlikdən yaxşı həkimin əlinə düşdüm. Rentgenə göndərdi. Rentgenin qiyməti 80 qrivin idi, yəni təxminən 3 dollar. Yenə qalxdım həkimin yanına, dedi ki, sınığın var, gips qoyulmalıdır. Gipsi qoymağı tapşırdı həkimlərdən birinə və onun otağını göstərdi. Getdim həmin otağa ki, əlimə gips qoysunlar. Düz 1 saata qədər gözlədim, həkimdən xəbər çıxmadı. Qayıtdım öz həkimimin yanına, biləndə ki, əlimə hələ gips qoymayıblar, rus ana söyüşü ilə qarşısına çıxanı qatdı bir-birinə. Gipsi özü qoydu və o biri həkimlərə də dedi ki, «Sizə pul qazandırmaq istəyirdim, həmin pul mənə çatacaq». Anladım ki, həkim «həmin pul» deyərkən mənim ona ödəyəcəyim pulu nəzərdə tuturdu. Həqiqətən, pulu cibimdə hazır tutmuşdum.

Gipsi qoydu, keçdik otağına, əsas sualın vaxtı çatdı: «Həkim, nə qədər ödəməliyəm?» Cavab mənə tanış gəldi: «Qonaqsan, nə verərsən, verərsən...». «Özgə ölkədə yaxşı həkimə can qurban deyib» 500 qrivini (təxminən 18 dollar) qoydum masanın üstünə. Razı qaldı. Dedi ki, Kiyevi tərk edənə yaxın yenə qayıdım onun yanına.

Sonuncu gün getdim yanına, yenə rentgen, yenə 80 qrivin, ancaq həkimə verəcək 500 qrivin məndə artıq qalmamışdı. Qalxdım yanına, baxdı və tövsiyələrini verdi və yenə əsas sualın vaxtı gəldi. Sualımı verməyə macal tapmadım, «ötən dəfə pul vermisən, daha pul lazım deyil». Doğrusu, bu sözləri böyük sevinc hissi ilə qarşıladım, ancaq bir azərbaycanlı kimi həkimin otağını elə belə də tərk edə bilməzdim. Hər ehtimala qarşı oğlumun çantasında Azərbaycan istehsalı olan çay var idi. Həkimə hədiyyə etdim, çox sevindi, mən də sevindim ki, sonuncu hədiyyədən də qurtuldum. Ancaq sevincim çox da uzun çəkmədi. Çünki vətənə əli gipsli qayıtmalı idim və hələ evdə bunu heç kim bilmirdi...

(Bakı-Kiyev-Bakı)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)