vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ƏDƏBİYYAT  
15:59 | 27 fevral 2019 | Çərşənbə Məqaləyə 2712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəhvəyi məktub

Yaxud elektron göndərilməyən çiçəyin ətri

RƏBİQƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünə tünd bir qəhvə düzəlt. Özün düzəlt. Nə üçünsə bu əziyyəti məhz sənin çəkməyini istəyirəm. Elə bil ki, bunu eləsən, məktubumun bütün ruhunu duyacaqsan. Fincana şəkər atma, yaxşı, uzağı, bir qaşıq əlavə elə, artıq olmasın.

Qalx bir pəncərədən çölə nəzər sal, bu qüssənin minillərdən süzülüb gəldiyini xatırla və sakitləş. Fikirləş ki, dünya heç vaxt düzəlməyəcək. Rəngli arzular qur, məsələn, açıq yaşıl, bənövşəyi, çəhrayı. Tündləşdirmə. Qəhvəyə süd əlavə elə. Rəngi bir az açılsın.

Bilirsən, evdə sevmədiyim yemək olanda mətbəxə yaxın getmirəm. Hə, xüsusi siyahım var, həmişə, hər yerdə. Sevdiyim və sevmədiyim şeylərin uzun-uzadı, heç bitməyən siyahısı. Yorur, başa düşürəm, özümü də yorur. Amma seçimi olmayan adamları sevmirəm.

Bu seçiciliyimə əsəbiləşən dost-tanışdan tez-tez eşidirəm: “səni üç gün ac saxlayaydılar-filan...” Gülməyim tutur. Ac qalmırsan axı. Çarə həmişə var... Şəkəri artıra da bilərsən.

Gülməlidir, gülüncdür və kədərlidir. Nə? Sadalamaq istəmirəm. Gəl başqa şeylərdən danışaq. Məsələn, srağagün özümə qəşəng bir paltar aldım. Elə xoşbəxtdim ki. Qiymət üçün çənə-boğaza çıxmadım. Bəyəndiyin şeyin qiyməti olmur. Amma bəzən pulun çatmır. Çatırsa, cınqırını da çıxarmadan götür...

Bu dəfə sənə başqa mətləblərdən danışmaq istəyirdim. Düşünürəm, çox acı olar...

Həyətdə əkdiyimiz nərgizlər açıb. Elektron məktuba bükmək olmur. Qoy elə yerlərindəcə qalsın. O da yazın məktubudur, göndərib ki, oxuyum. Bir suyu da sənə oxşayır təbiətin. Danışmır. Adama yalnız işarələri özün başa düşdüyü kimi anlamaq qalır. Bəzən səhv anlamaq, bəzən düz anladığına inanmamaq...

Çətin məsələdir. Bir də özünə qəhvə düzəltmə. Kədərli görüntüdür.

Bu məktubum xoşuma gəlmədi. Alınmadı demirəm... Sadəcə, xoşuma gəlmədi. Qoy bu da belə olsun. Hər şey mənim xoşuma hesablanmayıb ki... Südlü qəhvəni xatırladan köynəyinə qurban olsun...