vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
19:19 | 17 iyul 2022 | Bazar Məqaləyə 894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Urmiya gölü sadəcə hövzə məsələsi deyil”

Musa Aşüftə: “Problemin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir”

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın qərb vilayətində yaşayan türk fəal Musa Aşüftə müsahibəsində təxminən 8 il əvvəl fəaliyyətə başlamış Urmiya Gölünü Canlandırma Mərkəzinin layihələri və bu layihələrin nəticəsiz qalmasına səbəb olan amilləri şərh edib.

Prezident Həsən Ruhani dönəmində təsis edilmiş canlandırma mərkəzinin fəaliyyətlərinin bir il öncə İbrahim Rəisinin vəzifəyə gəlməsi ilə birlikdə dayandırıldığı bildirilir.

Musa Aşüftə canlandırma mərkəzinin fəaliyyətlərinin böyük hissəsinin faydasız və səmərəsiz olduğunu, faydalı işlərinin də yarımçıq buraxılıb və nəticəyə çatmadığını vurğulayır.

“Canlandırma mərkəzinin fəaliyyətlərinin bir bölümü verimsiz və faydasız işlər idi. Təəssüflə, digər bölümü də yarımçıq qalıb və bu günə qədər Urmiyə gölünə önəmli bir faydası olmayıb,” Aşüftə söyləyir.


“Faydasız və ya faydalı, amma yarımçıq buraxılan layihələr”


Musa Aşüftə mərkəzin fəaliyyəti dövründə “verimsiz və faydasız” işlər görüldüyünü bildirir: “Məsələn, əvvəllər gətirib gölün ətrafına ağac əkmək istəyirdilər və buna da büdcə xərclədilər. Ancaq bir yerə çatmadı; əllərindəki büdcə ilə Urmiya gölü hövzəsi əkinçiləri yerlərini əkməsin, dövlət onlara pul ödəsin deyə “nəkaşt” (əkmə) adında bir layihə başlatdılar. Sonra bunu icra etmədilər. Bunu “beh-kaşt” (yaxşı əkin) layihəsinə çevirdilər. [Bununla] əkinçiləri daha az su aparan məhsullara yönləndirmək istədilər. Bu da yarımçıq qaldı və verimsiz bir iş oldu. Urmiya gölü adına Araz çayından su çəkmək layihəsi var idi. O su da gölə çatmadı, başqa iş üçün istifadə edildi.”

Musa Aşüftə Canlandırma Mərkəzinin tamamlanmayan layihələrinə diqqət çəkərək əlavə edir: “Bəzi işlər görmək istəyirdilər ki, faydalı ola bilərdi. Ancaq onlar da yarımçıq qalıb. O cümlədən: Çeşidli nazirliklər və dövlət qurumları arasında uzlaşdıqları maddələr əsasında ildə təxminən 2 milyard kubmetr su bəndlərdən Urmiya gölünün su haqqı olaraq nəzərdə alındı. Amma bunu heç zaman təmin etmədilər. Çayların daha az itki ilə gölə doğru axması üçün çayların axarını arıtlamaq kimi planları var idi. Bunu yarımçıq gördülər. Ənənəvi əkinçilikdə böyük miqdarda su sərf olunur. Bunlar ilk başda dedilər ki, əkin yerlərinin böyük bölümünü modern suvarma sistemləri ilə təchiz edəcəyik. Deyə bilərik ki, bu xüsusda da əməldə heç bir iş görülməyib. Çox önəmli və çox büdcə aparan bir layihə başlatdılar. Qərbi Azərbaycan vilayətinin Piranşəhr (Xana) bölgəsində Zab çayı hövzəsində Zab çayından Urmiya gölünə su kanalı adında bir layihə. Mənim baxdığımza görə, dönəmin puluyla neçə yüz milyon dollar pul xərclədiklərini dedilər. Biz bunun doğru olduğunu bilmirik. Amma bu kanal da bu günə qədər fəaliyyətə başlamayıb. Önəmli layihələrindən Təbriz və Urmiya təsfiyəxanaları (sutəmizləyici qurğuları) idi. Tullantı suları təmizləyib gölə qaytarmağı düşünürdülər. Bu layihə də bu günə qədər bitməyib”.


Hədəf 2021-də gölü ekoloji səviyyəsinə çatdırmaq idi


Musa Aşüftə canlandırma mərkəzinin fəaliyyətlərinin ümumilikdə “bir işə yaramadığını” ifadə edir: “Yəni bu nəticəyə yetişə bilərik ki, Urmiya Gölünü Canlandırma Mərkəzinin gördüyü faydalı ola biləcək işlərin də heç biri bu günə qədər gölə bir damcı da su olmayıb. Olsa-olsa bundan sonra olacaq. Mərkəzin nəzərdə tutduğu amacları düşünsək, bunların ancaq yüzdə 10-15 qədərini gerçəkləşdirib deyə bilərik. Mən belə düşünürəm”.

Onun dediklərinə görə, dövlət Urmiya Gölünü Canlandırma Mərkəzinin layihələrinin gölü ekoloji səviyyəsinə çatdırmaq hədəfi ilə başlatdığını və bunun 2021-ci ildə təmin olunacağını açıqlamışdı.

“Dövlət gölün suyunun yavaş-yavaş çoxalmasını nəzərdə tuturdu. Bunun üçün belə bir makro plana gəldilər ki, təqribən 2 milyard kubmetr su haqqı gölün dörd dövrəsində olan çoxsaylı bəndlərdən verilsin. Bir milyard kubmetr isə mərkəzin inşa layihələrindən yəni, Zab Kanalı və təsfiyəxana (sutəmizləyici qurğu) kimi layihələrdən təmin olunsun ki, cəmi olur 3 milyard kubmetr. Belə bir planla məsələn 5-6 il içərisində göl ekoloji səviyyəsinə çatmış olacaq dedilər. Əvvəllər 1400 hicri ilini (2021) tarix verdilər. Planlar yavaşladıqca 1401-ci il dedilər və sonra bu, 1402 və 1403 oldu. Bu oraya qədər gəldi ki, Ruhani hökümətinin ətraf mühit qurumunun başqanı İsa Kəlantəri vəzifə dönəminin son müsahibələrinin birində 1406-cı ili adres verdi. Yəni mərkəzin başarısız olması ilə müəyyənləşdirdiyi hədəflər də uzaqlaşırdı”.


Əngəllər


Musa Aşüftə hakimiyyətin Azərbaycan bölgəsinə baxışı, layihələrə nəzarət edə bilən qeyri-hökumət qurumlarının olmaması, ətraf-mühiti mühafizə qurumunun kifayət qədər səlahiyyət sahibi olmaması və korrupsiya kimi amillərin Urmiya gölünün canlandırma layihələrinin nəticəyə çatmasına əngəl olduğunu önə çəkir.

“Layihələrin nəticəyə çatmamasının səbəblərini sıralasam, İran kimi üçüncü dünya ölkələrində çevrə qurumu nazirliklər və digər dövlət qurumları qarşısında səlahiyyətsiz və zəifdir. Yəni, sözünü yeritməkdə çətinlik çəkir. Dövlətin ciddi iradəsinin olmaması da bu vəziyyəti pisləşdirir. Misal, enerji nazirliyi bəndlər və su qaynaqlarına nəzarət edir. Enerji nazirliyi bəndlərdən 2 milyard kubmetr su haqqı təmin etmək xüsusunda öz öhdəliyini yerinə yetirmədi. Yerinə yetirmədi çünki, gücü çatırdı. Bir də su mafiyası məsələsi var. Əlavə olaraq, yerli məsullar və millət vəkilləri strateji yolbirliyi ilə hərəkət etmədilər... Ayrılmış büdcələrin böyük bölümü verimsiz və faydasız işlərə xərcləndi və yolsuzluğa sərf oldu. Gölə ayrılan büdcələr böyük də sayılmaz. Məncə rəqəmlər bir qədər şişirdilir, bir qədəri də korrupsiya və yolsuzluğa getdi. Nəhayət bu səbəblərə görə canlandırma mərkəzinin çalışmalarında günü-gündən artıq axsama oldu. O qədər ki, son bir ildə durma nöqtəsinə gəldi,” mədəni fəal söyləyir.

Musa Aşüftə İbrahim Rəisinin vəzifəyə gəldiyi dönəmə diqqət çəkərək əlavə edir ki, “bir tərəfdən hökumət Urmiya gölünü tamamən öz siyasətlərindən çıxardı. Bir tərəfdən də quruluq məsələsi və su böhranı, dünyada baş verən son savaşlar və qida böhranı ilə bərabər demək olar ki, Urmiya gölü üçün görülən işlər və ayrılmış büdcələr dayandırıldı”.

Musa Aşüftə bu əngəllərdən əlavə başqa təməl və köklü problemlərin də bu vəziyyətə səbəb olduğunu qeyd edir: “Dövlətin və hökumətin Azərbaycan üçün iqtisadi strategiyası əkinçilik əsaslıdır. Hakimiyyət Azərbaycana yüksək sərmayə qoymaq istəmir. Demək olar ki, bir cür idarə etmək istəyir, oranı abadlaşdırmaq və gəlişdirmək istəmir. Bu, Urmiya gölü mövzusunda ən böyük problemə çevrilir. Çünki ənənəvi əkinçilikdə ən çox su məsrəf olunur. Digər tərəfdən dövlətin Urmiya gölünü canlandırması üçün nəzərdə aldıqları planlara nəzarət edə biləcək sivil toplum quruluşları və ya qeyri-hökumət təşkilatları zəifdir. Bunları hakimiyyətin öz tərəfindən bilərəkdən zəiflədənlər var. Bunu təhdid kimi görürlər. Ayrıca, yerli məsullar və millət vəkilləri olduqca keyfiyyətsiz və iş bacarmayan şəxslərdən ibarət olur...”


“İnsanlarımızı tutub zindana atdılar”


O, keçən illərdən bəri Urmiya gölü ilə bağlı etirazlar səbəbilə bir çox vətəndaş və milli fəalın həbs və mühakiməyə məruz qaldığına diqqət çəkir. “Bu əngəllər nəticəsində biz davamlı şəkildə və dönəm-dönəm etiraz etmək məcburiyyətində qalırıq. Bizim Urmiya gölü üçün bu şəkildə etiraz etməyə ehtiyacımız olmamalı idi. Keçən dövr etirazlarda bizim insanları və fəalları tutub zindana atdılar. Onların göstərdiyi müqavimət nəticəsində, xalqımızın etirazı sayəsində dövlət geri oturub və Urmiya gölünü canlandırma planlarını həyata keçirməyə başlamışdı. Amma bizim o insanlar yenə də zindanda idi”.


Konkret tələblər


Musa Aşüftə müsahibədə həmçinin Urmiya gölü ilə əlaqədar təşkil olunan kampaniyalar və aksiyalarda ortaya qoyula biləcək konkret tələblər haqqında da öz düşüncələrini açıqlayıb.

Onun sözlərinə görə, “bir sıra təməl problemlər ilə əlaqədar tələblər ola bilər. Bir sıra da günümüz üçün qısamüddətli tələblər. Urmiya gölü məsələsi sadəcə hövzə məsələsi deyil, İran hakimiyyətinin Azərbaycana baxışı məsələsidir. Azərbaycana görə iqtisadi baxışın islah olunması, mədəni toplumun çalışmasının daha rahatlaşması, yerli məsullar və millət vəkillərinin daha çox xalqın iradəsini əks etdirmələri və bölgənin mənfəətləri doğrultusunda təyin olunmaları tələb edilməlidir. Bunlar çox ciddi tələblərdir və sadəcə Urmiya gölü məsələsi deyil. Bunları söyləm halına gətirmək, davamlı danışmaq və istəmək lazımdır”.

Türk fəal hesab edir ki, birbaşa Urmiya gölünün hazırkı vəziyyəti ilə əlaqədar “faydalı olan, ancaq yarımçıq buraxılan layihələrin” tamamlanması tələb edilməlidir: “Urmiya gölü üçün qısamüddətli tələblərə gəldikdə, ən vacib məsələlər Zab çayı kanalı layihəsinin bitməsi və Urmiya gölünə hətta isti mövsümlərdə suyun gələ bilməsi; digər layihələrin o cümlədən təsfiyəxanaların (sutəmizləyici qurğular) işlərinin bitməsi; büdcələrinin təmin edilməsi; enerji nazirliyinin Urmiya gölünün su haqqını nə olursa olsun verməli olduğunu tələb etmək. Bunları istəmək zəruridir. Beləcə Urmiya gölü indiki vəziyyətindən bir qədər uzaqlaşıb və yaxşıya doğru gedə bilər. Ondan sonra əkinçilik sistemlərinin islah olunması və Azərbaycanda başqa iqtisadi fəaliyyətlərin artması üçün zəmin hazırlanması kimi tələblərin ardını tutmaq olar. Əkinçilik ənənəvi olduğundan dolayı su məsrəfi olduqca çoxdur. Eyni zamanda bizim bölgənin iqtisadiyyatı əkinçiliyə bağlıdır. Bunun üçün bu su haqqını istəmək mövzusunda və bunun davamında, Azərbaycanda iqtisadi islahatın olmasını, əkinçilik sistemlərinin modernləşməsi və modern suvarma sistemlərinin təmin edilməsi və daha verimli, daha az su aparın məhsulların əkilməsi üçün şəraitin təmin edilməsini tələb etməliyik. Dövlət və Urmiya Gölünü Canlandırma Mərkəzi bunun üçün də bir iş görmədi”.