vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
Doha əməliyyatının sirri 15:08 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 68 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doha əməliyyatının sirri

İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Qətərin paytaxtı Doha dünən İsrailin “HƏMAS” terror təşkilatının önəmli liderlərini hədəf alan hava hücumu ilə dramatik bir hadisəyə şahidlik etdi. Əməliyyat regional və beynəlxalq təsirləri baxımından son illərin ən təhlükəli addımı kimi dəyərləndirilir. Saat 14:15-də paytaxtın Katara məhəlləsində baş verən partlayışların görüntüləri yayıldı və hadisə aydınlaşana qədər müxtəlif ehtimallar irəli sürüldü.

Qətər mediası xəbər verdi ki, İsrailin hava hücumu ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini müzakirə edən “HƏMAS” liderlərinin Dohadakı toplantısını hədəf alıb. İlk xəbərlərdə hərəkatın ən tanınmış rəhbərlərindən Xalil əl-Həyyənin öldürüldüyü deyilirdi. İsrail ordusu və Şin-Bet xidməti hücumun “HƏMAS”ın yüksək rəhbərliyinə yönəldiyini təsdiqlədi.

Saatlar keçdikcə əməliyyatda hədəf alınan adlar açıqlanıb: Xalil əl-Həyyə, Zaher Cəbbarin, Xalid Meşal və Nizar Əvadəllah. Mənbələr Xalil əl-Həyyənin oğlu və ofis rəhbərinin də həlak olduğunu təsdiqləyib. Digər tərəfdən, “HƏMAS” mənbələri Dohadakı danışıqlar heyətinin sağ qaldığını, lakin iki liderin yaralandığını bildirib.

 

Planlaşdırma və icra

 

İsrail Ordu Radiosu əməliyyatın aylarla hazırlandığını və Təl-Əvivin terrorçu liderlərin Türkiyədən Dohaya qayıtmasını gözlədiyini açıqlayıb. İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, qərar Yerusəlim və Qəzzadakı hücumlardan sonra qəbul edilib. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katz təhlükəsizlik qurumları rəhbərləri ilə razılığa gələrək əməliyyata “yaşıl işıq” yandırıblar. Netanyahu ofisi hücumun “tam müstəqil” şəkildə həyata keçirildiyini təsdiqləyib.

 

ABŞ-ın mövqeyi

 

Amerikalı mənbələr “Axios”a bildiriblər ki, Tramp administrasiyası raketlər havada ikən hücumdan xəbərdar olub və İsrail Vaşinqtonu əməliyyatdan az əvvəl məlumatlandırıb. Buna baxmayaraq, ABŞ hücumu dayandırmaq üçün müdaxilə etməyib. İsrailli-amerikalı vasitəçi Qerşon Baskin isə “X” platformasında Trampa müraciət edərək “ABŞ-ın nüfuzunu qorumaq üçün müharibəni dərhal dayandırın” çağırışı edib.

 

Regional və beynəlxalq reaksiyalar

 

Hücum ərəb və beynəlxalq ictimaiyyətdə geniş qınamaya səbəb oldu. Səudiyyə Ərəbistanı hadisəni “cinayət aktı və açıq pozuntu” adlandıraraq Qətərin xidmətində olmağa hazır olduğunu bildirdi. Vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə əlaqə saxlayaraq dəstəyini təsdiqlədi.

İordaniya kralı II Abdulla da Qətər əmiri ilə telefon danışığında Dohanın təhlükəsizliyi və suverenliyini hədəf alan hər addımı rədd etdiyini vurğuladı. Misir bu əməliyyatı “təhlükəli presedent və qəbuledilməz inkişaf” adlandırdı. Əlcəzair, İraq, Türkiyə, İran və Küveyt də hücumu “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirdi. BMT baş katibi Antonio Quterreş hadisəni pislədi. Çin səfirliyi vətəndaşlarına təhlükəsizlik xəbərdarlıqları yaydı, Papa Leo isə vəziyyəti son dərəcə təhlükəli adlandırdı.

 

Sahədə əks-sədalar

 

“HƏMAS” mənbələri hücumun əsasən Xalil əl-Həyyənin evinə yönəldiyini, İsmayıl Haniyənin bir zamanlar yaşadığı başqa bir evin də qismən hədəf alındığını bildirib. Bəzi liderlərin sağ qalmasının səbəbi görüş yerinin özəlliyi ilə izah olunub. İsrail Ordu Radiosu yayılan görüntülərdən sonra əməliyyata 15 qırıcı təyyarənin qatıldığını təsdiqləyib.

İsrail “HƏMAS” liderlərinin 7 oktyabr 2023-cü il qətliamının “beyinləri” olduğunu, Qüdsdəki son hücum da daxil olmaqla İsrailə qarşı qanlı planlar qurduqlarını bildirib.

Bununla yanaşı, əməliyyatın Qətərin suverenliyini pozması və Körfəz təhlükəsizliyinə təhdid yaratması ittihamları bölgənin genişmiqyaslı qarşıdurmaya sürüklənə biləcəyi qorxularını artırdı. Dohadakı hücum münaqişəni Qəzza zolağının hüdudlarından çıxararaq bir Körfəz paytaxtına daşıdı və bölgədə balansı dəyişdirdi.

İsrail “HƏMAS”a ağır zərbə vurduğunu düşünür, amma beynəlxalq reaksiyalar göstərir ki, 9 sentyabr 2025-dən sonra fərqli siyasi mənzərə formalaşa bilər.