vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜBHƏM  
18:50 | 19 noyabr 2022 | Şənbə Məqaləyə 1081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin Blioxu oxuyubmu?

Kremlə yaxın çevrələr bu kitabın masaüstü olduğunu iddia edir

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna müharibəsindən illər əvvəl Kremldəki adam çox kitab oxuyur deyə təbliğ edirdilər. Hələ 2000-ci illərin başlarında Putin “II Yekaterinanın hakimiyyətinin tarixi”, Dmitri Lixaçovun “Rusiya haqqında düşüncələri” və Vasili Klyuçevskinin “Rusiya tarixi kursu” kitablarını oxuduğunu etiraf etmişdi. Məgərsə Putin özünü Rusiya İmperiyasını yenidən quracaq Tanrı tərəfindən seçilmiş biri kimi o vaxtdan görməyə başlayıbmış.

Sonrakı illərdə Putin Federal Müraciətnaməsində Aleksandr Soljenitsının “Biz Rusiyanı necə qura bilərik?” yazısını xatırladı… 

Məşhur “antisovetçik” və dissidentin 1990-da yazdığı oçerkdə Soljenitsın 70 illik kommunist hakimiyyətindən sonra ölkənin bərpası yollarından bəhs edir. Oçerkin əsas mesajı SSRİ-nin qaçılmaz dağılmasından sonra yaranan bəlaların qarşısını almaq, yaxın xaricdəki (Rusiya, Ukrayna, Belarus və Qazaxıstan) soydaşlarımıza  necə kömək etmək barədə (!!!) düşünməkdir.

2007-ci ildə “Rusiyada Çin ili”nin rəsmi açılış mərasimində Vladimir Putin Çin klassikasının məşhur “Dəyişikliklər kitabı” ilə tanışlığını nümayiş etdirdi. Bu tarixi əsər Çin İmperiyasının ən erkən fəlsəfi mətnlərindən biridir. Kremlə yaxın çevrələr bu kitabın Vladimir Putinin masaüstü kitabı olduğunu iddia edirlər.

Ancaq aradan keçən illər Putinin bu möhtəşəm əsərdən bəhrələnmədiyini göstərdi. 

Belə ki, “Dəyişikliklər kitabı” 64 heksaqram simvoldan ibarətdir və onların hər biri müəyyən bir situasiya üçün inkişaf yollarını göstərir. Putinsə hakimiyyətinin bütün dövrlərində heç bir real sabitlik və firavanlıq əldə edə bilmədi – Kitabı qavramadığı ortada idi.

Sabitlik və firavanlıq bir yana dursun. Putin əksinə, Osetiya və Krımdan başlayaraq ölkəsini “dönülməz bir axşamın üfqünə” sürüklədi. Ukraynanı işğal etmək kimi hərbi-siyasi avantyura isə ölkəsinin dağılması və parçalanması nəticələnə bilər. O, iqtidardan düşdükdən (və ya düşürüldükdən) sonra ölkənin başına gələcəkləri düşünmək qorxuncdur.

Prezident kürsüsünə oturandan sonra Putinin kitab seçimləri yanlış idi. Çıxardığı nəticələr də isə vahiməli. Belə başa düşürəm ki, onu doğru-dürüst yönləndirən, Dünyanı və gedişatı səhih göstərən adam da olmayıb yanında…

***

Hardasa on il əvvəl maraqlı bir adam haqqında çox maraqlı bir şey oxumuşdum.

İvan Bliox (İvan Stanislavoviç Bliox, 1836 - 1902) Qərbdə yaxşı tanınsa da bizdə geniş çevrələr onu bilmirlər. 

Rusiya İmperiyasında yəhudi ailəsində doğulub, sonralar kalvinizmə (protestnlığın bir cərəyanı) keçib. Tanınmış rus bankiri, Rusiya imperiyasında dəmir yolu konsessiyaçısı, xeyriyyəçi, iqtisadçı-alim, beynəlxalq sülh hərəkatı xadimi idi. II Nikolay Blioxu zadəganlıq ünvanı ilə şərəfləndirmişdi. 

1877-1878-ci illər Rus-Türk müharibəsində Bliox ordunun təminat məsələləri ilə məşğul olur.

O, ordunun maddi-texniki təchizatındakı problemləri görür, bunlardan heyrətə düşür. Çox şeyin yanlış olduğunu anlayır. Müşahidələri Blioxda hərb işinə maraq oyadır.

Bliox “Müharibənin ordunun öhdəsinə buraxılmayacaq qədər ciddi bir iş olduğu” qənaətinə gəlir. Ona görə hərbiçilər ordunu  Napoleon savaşından qalan rəvayətlərlərlə idarə edir və texnikanın inkişafına heç bir önəm vermirlər.

Bliox bu tədqiqatlarının sonunda “Texniki, iqtisadi və siyasi münasibətlərdə gələcək müharibə” (“Будущая война в техническом, экономическом и политическом отношениях”, 1898) adlı kitabını nəşr etdirir. 

Kitab böyük rezonansa səbəb olur. Onu bir çox Avropa dilinə tərcümə edirlər. Əsəri oxuyan II Nikolay onu 1899-cu ildəki Haaqa Sülh Konfransında Rusiyanın nümayəndəsi təyin edir. Bu konfransda Beynəlxalq Humanitar Hüquq Normaları Toplusunun əsasını qoyan müharibə qanun və qaydaları haqqında beynəlxalq konvensiyalar qəbul edilmişdi.

İş o yerə çatır ki, bu fəaliyyətlərinə görə Bliox, F. F. Martens və II Nikolay birlikdə Nobel Sülh Mükafatına namizəd göstərilir. 

Kitabın əsas ideyası belə idi: Sənayeləşmə və müasir texnika müharibənin mahiyyətini tamamilə dəyişdi və gələcək müharibələr əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Blioxa görə savaşda ənənəvi hücum anlayışı köklü şəkildə dəyişir – açıq əraziyə çıxanda  düşmən artilleriya və pulemyotlarla məhv ediləcək (Kitabın 19-cu əsrin sonlarında yazıldığını unutmayın). Yeni hərbi texnka müdafiə vasitələri ilə hücum vasitələri arasında qeyri-tarazlıq yaradacaq. Bu da o deməkdir ki, yeni savaşlarda həlledici zərbə prinsipcə mümkün olmayacaqdır. Yəni gələcək müharibə mövqeli və xeyli uzunmüddətli olacaq. Bu müharibədə qələbə əvvəlki müharibələrdə olduğu kimi “Həlledici Döyüş”lə deyil, tərəflərin iqtisadi və sosial çöküşü ilə təmin olunacaq.

Bliox “Rusiya İmperiyasının iqtisadiyyatı gələcək müharibəni davam etdirə bilməyəcək və ya milyonlarla insanın səfərbər olunması böyük sosial təlatümlər yaradacaq” deyə təxmin etmişdi. Haqlı çıxmışdı bu parlaq zəkalı adam – I Dünya müharibəsi, arxasınca da “inqilab” dedikləri Oktyabr çevrilişi.

Blioxun müşahidələri hərbçilərin yeni savaşları necə gördükləri ilə əsaslı şəkildə ziddiyyət təşkil edirdi. O, orduya kənardan gəlmişdi, ancaq problemlərə peşəkarlardan daha çox vaqif olmuşdu. Kitab müəyyən mənada “İdeal Proqnozdur”: təxminləri doğru çıxmışdı.

Bəs bu “İdeal Proqnoz” Rusiyanın sonrakı müharibələrdəki savaşlarına təsir etdimi?

Demək olar ki, yox.

Avropa ölkələrinin komandanları Blioxu lağa qoydular, “Hansısa bir yəhudi-rus “alverçisi” onlara ağıl verə bilməz”, – belə deyirdilər. Məsələn, Qərbdəki generallar Blioxun süvari hücumlarının rolunu heçə endirməsini şiddətlə rədd etdilər. Geniş kütlə isə Blioxun yazdıqlarına bir növ intellektual fikir gimnastikası kimi baxdı, onu ciddiyə almadı…

*** 

Bir nəfər tapılmadı ki, gələcək müharibələrin dəqiq mənzərəsini çəkən Blioxun yüz il əvvəl yazdıqlarını Kremldəki dar qafalılara izah etsin. İş “Kinjal”a sahib olmaqda deyil, məsələ onun can damarı olan “çip”ləri istehsal etməkdir. Yəni İvan Blioxun dediyi texniki tərəqqi ilə ayaqlaşmaq hərbin əsas gücüdür. 

Əgər indi yaşasaydı İvan Stanislavoviç belə yazardı:

“Texniki tərəqqi artıq nəinki hərbi gücün əsas göstəricisidr, o həm də Həyatın özünün olmazsa olmazıdır”…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)