
Milli Mətbuatın 150 illiyinə həsr olunan markası
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Ayaz Salayevə ithaf olunur...
Öz dilimizdəki sözlərin yerinə niyə fars dilindəki kəlmələrdən istifadə edirik
Bir kitabdan daha artığı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
14.05.22 - ...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,...
Yuxum ərşə çəkilib,
Hər kirpik fırça kimi gözlərimə yol çəkir,
Yaddaşımın küncünə qonan xatirələrdən
Ürəyimə süzülür...
sözlərimə yol çəkir,
Baxışıma yol çəkir...
30 illik həsrətin
Buluduna yol çəkir,
yağışına yol çəkir...
Çəkir zülmət gecədən,
çəkir səhərə doğru,
Gözlərimi açıram “üçüncü avtobus”da,
Yollar çəkib aparır qala-şəhərə doğru...
...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Bir az alatoranlıq, bir az nisgil...
Qarışıq...
Duyğularım hələ də körpü çəkir həsrətə:
İlahi, indi görən nəyə bənzəyir Şuşa?
Kimə bənzəyir Şuşa?
Bəlkə son ayrılığa?
Bəlkə ilk məhəbbətə?
...Tərk edilmiş yolların geriyə dönüşünə?
Susuzluqdan çat verib qanayan dodaqların
yağışla öpüşünə?
Əsarətin sonuna...
Azadlığın dadına...
Ən əziz adamını qarşılayan qadına...
...Dağlar çənlə qolboyun,
Yollar sislə sarmaşıq...
Dəqiqələr süzülür saat əqrəblərindən,
Vaxt sınır,
zaman çökür.
Sanki uçan xalçadı nağıllar aləmində -
Şuşaya yağış yağır,
Şuşaya duman çökür...
***
Buludlar damla-damla
Layla deyir qalaya.
Ağaclar yallı gedir,
Dağlar durur halaya...
Şuşaya yağış yağır...
Yağış damlalarıyla
Rəqs eləyir çiçəklər.
Çiçəklərin telinə
Sığal çəkir küləklər,
Şuşaya yağış yağır...
İndi Cıdır düzündə
Süslənir xarıbülbül.
Yarıçiçək, yarıquş,
Yarıeşq, yarıbülbül...
İndi Cıdır düzündən
Ucalır cəngi səsi.
Daha şikəst deyildir
Qarabağ şikəstəsi...
Daha şikəst deyildir
Yollar, cığırlar, izlər.
Yurd həsrətli baxışlar,
Vətən sevdalı gözlər.
Şuşaya yağış yağır –
Azadlıq havasında...
Buludlar xumarlanır
Şuşanın səmasında...
...Şəhidlərin ruhu da
Sıldırım qayalardan
Şuşaya işıq saçır...
Şuşa sevgi, gözəllik,
Şuşa yaraşıq saçır.
Necə xoşbəxt görünür
Minarələr, türbələr...
Nə qaçqın var, nə köçkün,
Nə didərgin,
Dərbədər...
Damlalar rəqs eylərir -
Dincəlir əziz Şuşa.
Vətən, yurd sevgisindən
Dirçəlir əziz Şuşa...
Şuşaya yağış yağır...