vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
01:13 | 9 iyul 2018 | Bazar ertəsi Məqaləyə 1579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dərdli insan həmişə çox danışar”

Güney Azərbaycanlı rejissor Hayde Muradi: “İmtiyaz bir tərəfə qalsın, üstəlik çətinlik də yaradırlar”

Söhbətləşdi: Aygün ASLANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Azərbaycandan olan soydaşımız, rejissor Hayde Muradi artıq neçə illərdi ki, yaşadığı bölgəni gəzir, həmcinslərinin problemlərini öyrənir və filmlərində əks etdirir. Rejissorun ailəsi tərəfindən məktəbdən uzaqlaşdırılıb ərə verilən 12-13 yaşlı qızlardan bəhs eləyən “Qarlı yollar”, kişilər qazanc dalınca böyük şəhərlərə getdiyinə görə ailə qurmaq şansından məhrum olan, tək-tənha yaşlanan qadınlara həsr olunmuş “Qarlı damlar” sənədli filmləri İtaliyadan Argentinaya qədər ən müxtəlif beynəlxalq festivallarda iştirak edib. Keçən ay “Sərhədsiz kino” tədbiri çərçivəsində Bakıda qonaq olan Hayde xanımla söhbətimizdə də bu və digər mövzulara toxunmağa çalışmışıq.

- Mən Cənubi Azərbaycanın Ərdəbil şəhərindənəm. 17 il olar ki, yaradıcılıqla məşğul oluram. Əvvəl İran Gənc Kinematoqrafçılar Təşkilatında (“Iranian Youth Cinema Society”) başlamışdım. İki-üç filmdə işləyəndən sonra universitetə getdim. Kino bölməsində oxumuşam, sonra seriallar üçün ssenarilər yazmışam, bir neçə filmdə də assistent kimi işləmişəm.

 

- Niyə ən çətinini- kinonu seçdiniz?

- Əslində yazıçı olmaq istəyirdim, yazmağı çox sevirdim. Kino sinfinə də bu həvəslə getmişdim və oxuduqca gördüm ki, film çəkməklə özümü daha yaxşı ifadə eləyə bilərəm. Yazmaq istədiklərimi təsvirlə göstərmək mənə daha maraqlı gəldi.

 

- «Qarlı damlar» adlı filminizin mövzusu əyalətdə yaşayan qarımış qızlardır. Bu mövzu sizi niyə cəlb elədi?

- Bu filmdən qabaq «Ləçək» adlı bir film üzərində işləyirdim. O film üçün məkan axtaranda gəzdiyimiz kəndlərdə bu qızları gördüm. Qaşları cəlb eləmişdi diqqətimi; biz, dərhal qaşlarımızı aldırırıq, amma onların heç biri qaşlarına toxunmamışdı, yəni ərə getməmişdilər. Bu, mənə qəribə gəldi. Mən özüm kənddə böyümüşəm, belə şey görməmişdim. Bizdə bir ailədə iki qız, o biri ailədə bir qız, bir oğlan, ya iki oğlan olanda ən azı, sözləşirdilər ki, mən sənin qızını alıram, sən mənim qızımı və s. Odur ki, gördüklərim məni təəccübləndirdi: necə ola bilər ki, bu qədər qız evlənməyə, tək qala. Bu sual uzun müddət beynimdən çıxmadı. Bir dəfə qəzetdə bir məqalə oxudum. Orda deyilirdi ki, Ərdəbil neçə illərdi mühacir verir, yəni kişilər burdan başqa yerlərə köçürlər. Hətta təkcə kişilər yox, bütöv ailələr. Oğlanlar evlənib, işləməyə getdikləri yerlərdə qalırlar. Odu ki, bu şəhərdə qızların ailə qurması çətinləşib. Bu, mənə pis təsir elədi. Eləcə o qızların həmişə tək olduqları barədə fikirləşirdim, bu, ürəyimi göynədirdi. Onlara yardım etmək üçün əlimdən gələn yeganə şey isə film çəkmək və dərdlərini göstərmək idi.

 

- Filmdə iştirak eləyən xanımlara məqsədiniz deyən kimi çəkilişə razılıq verdilər?

- Üç ay çəkdi. Hardasa yüz kəndə getdik, yüz qızla tanış olduq. Çoxları razı olmurdu. Bəzən də elə olurdu ki, xanım razılaşırdı, amma operatorumuz deyirdi, bunun evi çəkilişə yararsızdı, xoşuma gəlmədi. Onda başlayırdıq başqasını axtarmağa. Çox vaxt apardı. Sonda bizim də bəyəndiyimiz, özlərinin razı olduqları bu xanımları tapdıq. Hamısı ilə ayrı-ayrılıqda işləmişik. Birini çəkirdik, bitirirdik, sonra gəzib yeni qəhrəman axtarırdıq. Belə toplamışıq qəhrəmanlarımızı.

 

- Maraqlıdır ki, kənddə, qapalı mühitdə yaşamalarına baxmayaraq, qəhrəmanlarınızın, demək olar ki, hamısı kamera qarşısında çox rahatdırlar, səmimidirlər, çəkinmirlər.

- Biz onları seçəndə ilk növbədə dərdli olan qızları seçmişdik. Dərdli insan həmişə çox danışar. Onlarla danışanda görürdük ki, biri o birindən zirəkdir, cürətkardır, risk eləyəndi. Mən bilən kameranın qarşısında rahat oturan insanlar risk eləməyi bacarırlar. Biz çalışırdıq ki, belə adamları seçək. Digər tərəfdən mən də qadınam, onlar da. Mən onların dillərini bilirdim. Demirdim ki, bu kameradır, gəlin, oturun qarşısında, həyatınızı danışın. Birinci gün, ümumiyyətlə, kameranı açmırdıq, onlarla söhbət eləyirdim. Məsələn, dərziylə tikənlə paltar tikmək barədə danışırdım. Deyirdim ki: “Sən qolunu belə kəsirsən? Mən belə kəsirəm, sən yaxalığı necə tikirsən” və s. Özüm kənddə böyümüşəm, paltar tikməyi, xalça toxumağı bacarıram. Beləcə onlarla yaxınlaşdıq. Bir də ən vacibi o idi ki, çəkiliş olan günlərdə operator kameranı qururdu və çıxırdı, qadınlar tək qalırdılar. Məsələn, filmdə Zəhra üst-üstə cəmi beş, ya da on dəqiqə danışıb. Əslində isə 7-8 saatlıq material vardı. Filmə baxanda görərsiz ki, kamera həmişə eyni nöqtədədir. Əvvəl ordan-burdan danışırdıq: Bu kənddə qadınlara qarşı şiddət varmı? Kəndinizə su çəkiblərmi? Qaz varmı? Onlar yavaş-yavaş kameranın varlığını unudurdular və əsas suallara keçirdim.

 

- Azərbaycanda qadın rejissor gözmuncuğu dəyərindədir, demək olar ki, yoxdur. Sovet vaxtından bu yana üst-üstə toplasaq, cəmi üç, ya dörd qadın rejissor olub. Ona görə də iranlı kinematoqrafçılardan ibarət on-iki nəfərlik heyətin arasında dörd qadın rejissor görəndə çox sevindim. İranda qadınların kinoda işləməsi üçün hansısa güzəştlər varmı, yoxsa dırnaqlarınızla qazanırsız hər şeyi?

- Zorla, dırnaqlarımızla. Heç bir imtiyaz, güzəşt yoxdur. İmtiyaz bir tərəfə qalsın, üstəlik çətinlik də yaradırlar. Mənim on yeddi ildə Ərdəbildə gördüyüm işləri kişilər on ildə görə bilirlər. Başda ata-ana problem yaradır. Onlar qəbul eləsinlər və sən bu yolu gedəsən, bunun özü böyük çətinlikdi. Çox çalışmalısan, çox əziyyət çəkməlisən.

 

- Sizin də valideynləriniz maneə yaratmışdılar?

- Atam yox. Atam əvvəldən maraqlanmışdı, ancaq o, tez vəfat elədi və mənim üzərimə ayrı məsuliyyətlər də düşdü. Bütün bu mərhələlərdən keçəndən sonra birlikdə işlədiyin kişi həmkarlar əngələ çevrilirlər, səni qəbul eləmirlər. Gənc Kinematoqrafçılar təşkilatında kişilər üçün otaq vardı, qadınlar üçün yox. Mən iki-üç dəfə girdim ora, dedilər ki, gedin, sizə burda yer yoxdur. Axırda getdim dava-dalaşla stul götürdüm və gəlib əyləşdim. Bizi film çəkməyə də qoymurdular. Deyirdilər ki, siz gəlin, assistent olun. Mənsə əvvəldən dedim ki, özüm çəkəcəm, özüm yazacam. Mən on yeddi il əvvəlin şərtlərini danışıram. İndi bir az yol açılıb, artıq qəbullanma başlayıb, hərçənd əvvəlki çətinliklər də qalıb. Mənimlə başlayan xanımlardan ikisi vardı ki, onların filmləri festivallara düşmüşdü, mənimki yox. Amma evləndilər və sənətdən getdilər. Mən özüm gec ailə qurmuşam. Həmişə zehnimdə bu qorxu vardı ki, mən də evlənəndən sonra dayanacam. Amma yoldaşım həmkarım oldu, o, mənə təkan verir, deyir ki, “elə, sən bacararsan”. Ağlıma bir ideya gələndə ilk yoldaşımla bölüşürəm və həmişə məni ruhlandırır, kömək eləyir. Bütün filmlərimin operatoru yoldaşımdı. İki ildi evlənmişik, amma yeddi-səkkiz ildir, birlikdə işləyirik.


- Bu il Kann festivalında qadın rejissorların filmlərinin azlığına etiraz olaraq yürüş keçirildi. Bütün dünyada artıq neçə ildir ki, qadın kinosunun təbliği prosesi gedir. Ümumiyyətlə, qadın kinosu deyilən bir anlayış varmı, mümkündürmü?

- İranda qadınların problemlərindən bəhs eləyən çox gözəl filmlər var ki, kişilər tərəfindən çəkilib. Amma məsələn, “Qarlı damlar” filmi haqqında bir çox festivallarda kişi rejissorlar deyiblər ki, bu film qadın filmidir, burda qoyulan sualları, problemləri qadın görə, göstərə bilərdi. Qadının problemlərinə qadın daha dərin baxa bilir. Necə deyərlər, hər kəs öz sahəsində peşəkardır. İranda azərbaycanlı qadınların problemlərini mən – bir azərbaycanlı qadını daha yaxşı görə bilirəm, nəinki tehranlı qadın. Onları mən tanıyıram, anlayıram.

 

- Bakı sizdə hansı təəssüratlar yaratdı? Müzakirələr, mühit, şəhər…

- Çox istəyirdim ki, bu tərəfdə çəkilən filmləri də görüm, təkcə bizimkilər göstərilməsin. Bakı isə çox xoşuma gəldi. Nə vaxtsa İrandan çıxıb başqa yerdə qalmaq istəsək, o yer bura olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *